Azərbaycan Cənub Qaz Dəhlizinin gücünün artması ilə Qərbi Balkan regionunda yeni qaz satışı bazarlarına çıxış əldə etməyi planlaşdırır. Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bəyan edib.
“CQD-nin növbəti mərhələsində (genişləndirilmə - İF) Qərbi Balkan regionunda əlavə bazarlara çıxış əldə etməyi ümid edirik. Albaniya və Qərbi Balkan regionun digər ölkələrinin vətəndaşları üçün qaz tədarükü imkanları açacağıq”, - Nəsirov cümə axşamı Xəzər Siyasi Mərkəzinin keçirdiyi CQD-nin tikintisinin başa çatması və enerji bazarının gələcəyinə dair onlayn müzakirə zamanı bildirib.
“Şərqi Aralıq dənizindən, İsrail qazı da daxil olmaqla, əlavə qaz həcmlərinə ümid edirik və bunu səbirsizliklə gözləyirik”, - vitse-prezident əlavə edib.
Xəbər verildiyi kimi, CQD ilə 10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya ixrac edilməsi gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb.
“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya nəql CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TANAP) ilə həyata keçirilir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin ilkin dəyəri $45 milyard təşkil etsə də, daha sonra bu layihə $33 milyarda başa gəlib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.**
N.Abbasova