London Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin Palmali şirkəti ilə mübahisə üzrə SOCAR şirkətinin lehinə ikinci arbitral qərarını verib.
“Çərşənbə günü, yanvarın 26-da SOCAR və “Palmali” arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanb.Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib. Məhkəmə işində $63 milyon məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Bu məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib”, - SOCAR-ın məlumatında qeyd olunur.
SOCAR-ın məlumatına görə, iki şirkət arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar.
2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıblar.
“Birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə $49,5 milyon məbləğində vəsaitin ödənilməsi barədə qərar verib. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən $112,5 milyon məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnib. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir”, - “İnterfaks-Azərbaycan” məlumat verir.
Palmalı şirkətlər qrupu, saytında dəc olunan məlumata əsasən, 1998-ci ildə Türkiyədə təsis olunub. Qrupa daxil olan müəssisələr Rusiyanın daxili su yolları, həmçinin, Qara dəniz, Aralıq dəniz, Xəzər dənizi və Baltik dənizində daşımalar həyata keçirir. **
N.Abbasova