Baş Prokurorluq Bakıda fiziki şəxsin beynəlxalq pul köçürmələri və sair qanunsuz maliyyə əməliyyatları ilə məşğul olması ilə əlaqədar cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Şahüseyn Hüseynovun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan, beynəlxalq pul köçürmələri və sair qanunsuz maliyyə əməliyyatları ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Şahüseyn Hüseynov barəsində Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə törədilən qanunsuz sahibkarlıq) ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.
Prokurorluğun məlumatına görə, Hüseynovun 2017-ci ildən etibarən Bakı şəhəri ərazisində icarəyə götürdüyü ofisdə faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq pul vəsaitlərinin müəyyən faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə verilməsi üzrə xidmət göstərilməsindən ibarət sahibkarlıq fəaliyyəti göstərməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
“Hüseynovun icarəyə götürdüyü ofisdə, o cümlədən yaşayış və digər aidiyyəti ünvanlarda aparılan axtarışlar zamanı 248 min ABŞ dolları və 1450 manat məbləğində pul əskinasları, pul vəsaitlərinin köçürülməsinə dair qara mühasibatlıq sənədləri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanaraq götürülüb. Hüseynov qanunsuz sahibkarlıq ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda qeyd olunur.
Hazırda Şahüseyn Hüseynovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, valyuta mübadiləsi ilə bağlı maxinasiyalarda iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. **
N.Abbasova