“Azər-Türk Bank” 2020-ci ildə aktivlərini 3,3% - 359,207 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə bankın kredit portfeli (mümkün itkilərin qarşılanması üçün yaradılmış ehtiyatlar nəzərə alınmadan) 167,359 milyon manat (azalma 10,3%) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 42,243 milyon manat (azalma 24%), biznes kreditləri üzrə portfel 38,833 milyon manat (azalma 37,2%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 303,296 milyon manata bərabərdir (artım 3,8%). 2020-ci ilin sonuna depozit portfeli 179,94 milyon manat (azalma 0,2%), o cümlədən fiziki şəxslərin əmanətləri 80,792 milyon manat (artım 12%) təşkil edir.
2021-ci ilin əvvəlinə “Azər-Türk Bank”ın kapitalı 55,911 milyon manata (artım 0,6%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2020-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 423 min manat təşkil edib (2019-cu illə müqayisədə azalma 30% - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.*
Ə.Məmmədov