Azərbaycan 2020-ci ildə $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Qeyri-neft sektoru üzrə ixracın azalması koronavirus (COVID-19) pandemiyasının təsiri ilə şərtlənib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm qızıl ($205,6 milyon – artım 19,3%), pomidor ($201,4 milyon – artım 6,4%), çiyidli pambıq ($131,9 milyon – artım 7,8%), təmizlənmiş fındıq ($113,6 milyon – azalma 8,5%), xurma ($91,6 milyon – azalma 12,5%), polipropilen ($64,5 milyon – azalma 1,8%), elektrik enerjisi ($59,8 milyon – azalma 22,1%), metanol ($51,2 milyon – azalma 20,7%) və emal olunmamış alüminiumun ($48,8 milyon – azalma 18,7%) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($691 milyon – artım 0,1%), Türkiyə ($377,8 milyon - azalma 6%), İsveçrə ($224,8 milyon – artım 25,6%), Gürcüstan ($127,6 milyon – azalma 19,8%) və Çin ($44,5 milyon – artım 19,3%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 36,4%-i RF-nin payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyardı ötəcək.*
N.Abbasova