Yanvarın 29-da Türkiyədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiyaya ixrac yüklərindən ibarət ilk qatar yola salınıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
"Bu gün yola saldığımız ixrac qatarı Bakı-Tbilisi-Qars xətti ilə Moskvaya qədər 4650 kilometrədək yol qət edəcək. Ölkəmizdə istehsal olunan 3,321 min məişət texnikası (qabyuyan maşın, pilətə və soba) 15 vaqona yüklənərək Rusiyanın Vladimir vilayətinə daşınacaq”, - deyə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Ankara stansiyasında qatarın yola salınması mərasimində bildirib.
Onun sözlərinə görə, əvvəllər belə yüklər avtomobil və dəniz nəqliyyatı ilə daşınırdı.
"Artıq bu yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Türkiyədə dəmir yollarına göstərilən yüksək etimaddan xəbər verir. Son 18 il ərzində ölkədə dəmir yollarının inkişafına 171,6 milyard lirə ($23,2 milyard) sərmayə qoyulub", - deyə nazir qeyd edib.
O vurğulayıb ki, Türkiyə yerüstü yük daşımalarında dəmir yolu ilə daşımaların payını 5%-dən 10%-ə qədər artırmağı hədəfləyib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 milyon məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 kilometrdir. İlkin mərhələdə BTQ ilə ildə 5 milyon ton yük daşınması nəzərdə tutulur, gələcəkdə bu rəqəmin ildə 15-17 milyon tona qədər artacağı gözlənilir.*
N.Abbaspva