Azərbaycan hökuməti ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 2021-ci ildə özəlləşdirilməsi prosesini nəzərdən keçirmir. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Cari ildə ABB-nin özəlləşdirilməsi planlaşdırılmır. Bankın yeni biznes strategiyası, peşəkarlardan ibarət yeni komandası var. Bank ötən ili yaxşı göstəricilərlə başa vurub. Buna görə də bu məsələ hələ nəzərdən keçirilmir", - deyə Rüstəmov bu gün mətbuat konfransında bildirib.
ABB-nin özəlləşdirilməsi məsələsi 1999-cu ildən müzakirə olunur. Azərbaycan hökuməti bir neçə dəfə bankı özəlləşdirməyi planlaşdırsa da, o, hələ dövlətin mülkiyyətindədir.
ABB 2020-ci ili 129 milyon 391,15 min manat məbləğində xalis mənfəətlə başa vurub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.*
Ə.Məmmədov