Azərbaycan Mərkəzi Bankı kapital bazarları sahəsində qanunvericiliyi təkmilləşdirməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
"Bu sahədə qanunvericilik böyük inkişaf tələb edir. Məsələn, hazırda bank sektoru kapital bazarında yalnız investisiya şirkətlərinin yaradılması vasitəsilə iştirak edə bilər ki, bu da bürokratiyaya səbəb olur və onların xərclərini artırır. Məqsədimiz banklara kapital bazarının birbaşa oyunçusu olmağa imkan yaratmaqdır, çünki banklar çox fəal iştirakçılardır", - deyə Rüstəmov bu gün mətbuat konfransında bildirib.
O əlavə edib ki, AMB üçün kapital bazarının, xüsusilə korporativ qiymətli kağızlar bazarının inkişafı çox vacibdir.
"Bizə listinqə çıxan şirkətlərin tam şəffaflığı, onların auditdən keçməsi lazımdır. Bu gün listinqdə çox sayda "boş" müəssisə və şirkətlər var. Onların heç bir aktivi və dövriyyəsi yoxdur və biz onları təmizləyirik", - deyə sədr qeyd edib.
AMB-nin baş direktoru Əli Əhmədov isə öz növbəsində, bildirib ki, kapital bazarlarının inkişafı layihəsi 4 əsas strateji hədəfə - innovativ hüquqi bazanın yaradılmasına, müasir bazar infrastrukturunun formalaşdırılmasına, bazarın dəstəklənməsinə və tənzimləyici çərçivələrin təkmilləşdirilməsinə yönəlib.
"Hər bir strateji hədəf üzrə vəzifələr müəyyənləşdirilib, məsələn, qiymətli kağızlar bazarı, REPO və törəmə alətlər bazarı üzrə qanunvericiliyin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması, xarici depozitarilərlə əlaqələrin qurulması, müasir əməliyyat sisteminin yaradılması və s. Bir sıra istiqamətlər üzrə işlər görülüb, qalan istiqamətlər üzrə işlər davam etdirilir", - deyə Əhmədov əlavə edib.*
Ə.Məmmədov