Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlətimizin başçısı Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik edib. Dövlət başçıları bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası ilə bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər.
“Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov