Rəsmi Bakı hazırda Azərbaycan tərəfində olan 62 erməni hərbçini terrorçu-diversant hesab edir, çünki onlar hərbi əməliyyatlar dayandırıldıqdan sonra Dağlıq Qarabağ bölgəsinə göndəriliblər. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Avropa İttifaqı tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə ediblər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olub, mülki şəxs Seymur Rzayev ağır yaralanıb”, - deyə məlumatda bildirilir.
XİN vurğulayır ki, bu şəxslər nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.
Son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən “Smerç” raketlərindən istifadə edilərək azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də Birinci Qarabağ müharibəsi dövründə 4 mindən çox insanın itkin düşməsi ilə əlaqədar Aİ bu günədək hər hansı açıqlama verməyib, münasibət bildirməyib.
XİN Aİ sözçüsünün erməni hərbçilərin azadlığa buraxılması ilə əlaqədar açıqlamasını qəbuledilməz hesab edir. “Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Birtərəfli və ikili standartlara əsaslanan bu yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər”, - deyə məlumatda vurğulanır.
Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin mətbuat katibi Peter Stano ötən gün Twitter-dəki mikrobloqunda yazıb ki, Aİ 5 hərbi əsirin Ermənistana qaytarılmasını alqışlayır və Azərbaycanı qalan 57 nəfəri dərhal azad etməyə çağırır.*
R.Əhmədov