Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri səviyyəsində işçi qrup fevralın 2-dək ekspert qruplarının ilk iclaslarının keçirilməsini tapşırıb. Bu barədə Rusiya hökumətinin saytında baş nazirin müavini Aleksey Overçuka istinadən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası prezidentinin 11 yanvar 2021-ci il tarixli Bəyanatının icrası məqsədilə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk yanvarın 30-da Moskvada üçtərəfli işçi qrupun ilk iclasını keçiriblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətlərinə, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb.
Tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşımalarla bağlı, eləcə də təhlükəsizlik, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, daşımaların təmin edilməsi məsələləri ilə bağlı ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.
Bundan başqa, tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa və ilk iclaslarını 5 fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.
Məlumata görə, üçtərəfli işçi qrupun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.*