Tarif (qiymət) Şurasının qərarına əsasən, fevralın 1-dən bir kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik təşkil edəcək. Bu barədə Tarif Şurasının məlumatında deyilir.
Hazırda əhali üzrə bir kubmetr su təchizatının tarifi 0,35 manat təşkil edir.
“Tarif Şurası “Azərsu” ASC-nin müraciətinə baxaraq bir kubmetr su təchizatının tarifini ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik səviyyəsində müəyyən edib”, - deyə məlumatda bildirilir.
Qeyri-əhali üzrə su təchizatının tarifi 1 manat səviyyəsində qalıb.
Bundan başqa, Tarif Şurasının qərarına əsasən, əhali üzrə tullantı sularının axıdılması xidmətinin tarifi bir kubmetr üçün 30 qəpik (hazırda 15 qəpik), qeyri-əhali üzrə 1 manat səviyyəsində müəyyən edilib.*
Ə.Məmmədov