Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC Xocavənd rayonunun Hadrut qəsəbəsində Poçt Agentliyi açıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi açıb. Hazırda Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Hadrutda 5 ədəd modul tipli poçt şöbəsinin açılması üzrə işlər görülür. Bundan başqa, bütün bölgələr üzrə tələbata uyğun xüsusi poçt rabitəsinin və poçt xidmətlərinin təşkili üçün yeni poçt marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanır”, - məlumatda deyilir.
Məlumata görə, Azərbaycanın işğaldan azad olunan ərazilərində işğaldan öncə 295 poçt şöbəsi fəaliyyət göstərib.
“Nazirlik tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir. Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub. Hazırda Füzuli və Cəbrayıl Poçt filialları tərəfindən işğaldan azad olunan həmin istiqamətlərdəki ərazilər üzrə hərbi hissələrə ünvanlanan poçt göndərişlərinin təyinat üzrə çatdırılması təmin edilir”, - məlumatda qeyd olunur.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.**
N.Abbasova