Azərbaycan prezidenti İlham Əliyev bir sıra dövlət strukturlarının rəhbərlərinin Şuşada nümayəndəliklər açmağa dair açıqlamalara və təşəbbüslərə mənfi yanaşır.
"Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir”, - Əliyev bazar ertəsi AzTV dövlət telekanalına müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmovun təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılması planları ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Əliyev qeyd edib ki, bu məsələdə subardinasiya olmalıdır. O vurğulayıb ki, ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir “Buna son qoyulmalıdır”, - o bildirib. **
N.Abbasova