Qars şəhərində keçirilən Azərbaycan-Türkiyə “Qış təlimi-2021” birgə taktiki təlimlərinin aktiv fazası başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər”, - məlumatda qeyd olunur.
Təlimlər fevral ayının 12-dək keçiriləcək.
Xəbər verildiyi kimi, yanvarın 17-də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Qars şəhərinə gəliblər.
Təlimlərin keçirilməsində məqsəd birgə əməliyyatların aparılması zamanı əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsi, silahlanmada olan, anbara yeni daxil olan və ya müdafiə sənayesi müəssisələri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin iş qabiliyyətinin yoxlanılmasıdır.
Bundan başqa, güclü qar və şaxtada atış daxil olmaqla qoşunların döyüş qabiliyyətinin yoxlanılması, qış şəraitində hazırlıq səviyyəsinin artırılması, çöl şəraitində ərazidə yerləşmə, təchizat və texniki xidmət, habelə komandanlıq sistemlərinin işinin təmin edilməsi təlimlərin məqsədləri arasında yer alır.**
N.Abbasova