“Aqroservis” ASC 2020-ci il üzrə maliyyə hesabatının auditi xidmətinin satın alınmasına 48,5 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Himmara Audit» MMC ilə 48,5 min manat dəyərində müqavilə bağlanıb.
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.
“Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) keçir.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.*
B.Rüstəmbəyov