"AzerGold" QSC 2020-ci ildə 186,5 milyon manat dəyərində qiymətli metal ixrac edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 29% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün mətbuat konfransında deyib.
“2020-ci ildə “AzerGold” QSC dünya bazarında 59,4 min unsiya qızıl və 119,4 min unsiya gümüşün satışını həyata keçirib. Nəticədə ötən il cəmiyyətin ümumi gəlirləri 186,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 41,5 milyon manat və ya 29% çoxdur”, - deyə o bildirib.
Z.İbrahimov, həmçinin qeyd edib ki, QSC tərəfindən 2020-ci ildə dövlət büdcəsinə 10,7 milyon manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 2,2 milyon manatdan çox vəsait ödənilib. 2020-ci ilin büdcə ödənişləri 2019-cu illə müqayisədə 6% artıq olub.
“Ümumilikdə, cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 40,8 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib”, - deyə o əlavə edib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova