BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində vətəndaşlara humanitar yardımın göstərilməsi üçün $2 milyon ayırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Vəsait Vahid Təcili Yardım Fondunun (CERF) xətti ilə ayrılacaq.
“Bu vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasına, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsinə, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasına, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsinə yönəldiləcək”, - deyə məlumatda bildirilir.
Təşkilatın qiymətləndirmələrinə görə, bu yardım münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq.*
X.Nəsirzadə