2021-ci il fevralın 8-dən Azərbaycanda koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın II mərhələsinə başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Fevralın 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyanın növbəti mərhələsi başlanılacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər”, - deyə məlumatda bildirilir.
Artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib.
Xəbər verildiyi kimi, Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan artıq müxtəlif şirkətlərin istehsalı olan 4 milyon doza vaksinin ölkəyə gətirilməsi haqqında müqavilələr bağlayıb.*
X.Nəsirzadə