Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Nizamnaməyə əsasən, agentlik müvafiq sahənin inkişafını təmin etməli, müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etməli, müvafiq sahədə aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etməli, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməli, müvafiq sahədə təhlil və proqnozlaşdırma işlərini təşkil etməli, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini, müvafiq sahədə fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirməlidir.
Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.
Agentliyin ilkin nizamnamə fondu 100 min manatdır.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.*
Ə.Məmmədov