Dörd ay müddətinə həbs olunan “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmədə ittiham olunur. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)məlumatında qeyd olunur.
“Məmmədov satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talayıb, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf edib”, - məlumatda deyilir.
Beləliklə, onun şirkətə vurduğu ziyanın ümumi dəyəri 55,2 milyon manat (cari məzənnə ilə $32,5 milyon – İF) həcmində qiymətləndirilir.
DTX-nin məlumatına görə, Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Baku Steel Company” Cənubi Qafqazda ən iri metallurgiya şirkətidir. Şirkət 2001-ci ildə yaradılıb, poladyayma və armatura istehsalı ilə məşğuldur
Hazırda “Baku Steel” holdinqinə Azərbaycanda illik istehsal gücü 1 mln. ton təşkil edən mini zavodlar, Sumqayıtda boru zavodu, həmçinin daha bir neçə müəssisə daxildir. **
X.Nəsirzadə