2020-ci ildə “AzerGold” QSC qızıl hasilatını 9%, gümüş istehsalını 2019-cu illə müqayisədə 18% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilir.
“2020-ci il ərzində “AzerGold” 60 min unsiyadan çox qızıl və 121 min unsiyadan artıq gümüş hasil edib. 2019-cu illə müqayisədə qızıl hasilatın həcmi 9%, gümüş hasilatının həcmi – 18%%-dən çox artıb. Hasilatın artımı Çovdar yatağının işlənməsinin yerüstü (oksid)fazası çərçivəsində mineral-xammal ehtiyatlarının effektivliyinin atırılması və istehsal proseslərin optimallşadırılması hesabına təmin olunub”, - şirkətdən qeyd ediblər.
Məlumata görə, şirkət tərəfindən fəaliyyətinin 4 ili ərzində 194,9 min unsiya qızıl və 353,6 min unsiya gümüş hasil edilib.
"AzerGold" “Çovdar”ın yerüstü mərhələsinin istismarını 2017-cı ildən etibarən həyata keçirir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova