Yaxın illərdə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin parkın ərazisində layihələrə sərmayələri 400 milyon manatı ötəcək. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Növbəti mərhələdə SKSP-nin rezidentlərinin sərmayələri 400 milyon manatı ötəcək. Bu, 900-ə yaxın yeni iş yeri yaratmağa imkan verəcək”, - Cabbarov özünün Facebook səhifəsində yazıb.
Nazir qeyd edib ki, 24 şirkət SKSP-nin rezidenti statusuna malikdir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3,1 milyard sərmayə qoymalıdırlar. Hazırda faktiki olaraq $2,9 milyard sərmayə yatırılıb, növbəti mərhələdə daha $245 milyon vəsait qoyulacaq.**
B.Rüstəmbəyov