2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan təxminən 175 milyon barel (23,6 milyon ton) neft hasil edilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə layihənin operatoru olan “BP Exploration (Caspian Sea) Limited” şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə AÇG blokundan ümumilikdə 195 milyon barel (26 milyon ton) neft hasil edilib. Beləliklə, 2020-ci ildə bu müqavilə sahəsindən barellə neft hasilatı 10,3% azalıb.
AÇG blokunda hasilatın azalması, həmçinin Azərbaycanın OPEC+ sazişi çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə də bağlıdır.
BP-nin məlumatına görə, 2020-ci ildə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərclərin həcmini 2019-cu ilin göstəricisi ilə müqayisədə 14,9% - $2,348 milyarda qədər artırıb. Bu məbləğin $531 milyonu əməliyyat xərclərinin, $1 milyard 817 milyonu əsaslı xərclərin payına düşüb.
2020-ci ildə orta gündəlik neft hasilatı 477 min barel (2019-cu ildə 535 min barel) təşkil edib.
Bununla yanaşı, 2020-ci ildə “Çıraq” platformasından gündəlik orta hesabla 34,9 min barel (2019-cu ildə gündəlik 41 min barel), "Mərkəzi Azəri" platformasından 113,2 min barel (134 min barel), "Qərbi Azəri" platformasından 118,9 min barel (121 min barel), "Şərqi Azəri" platformasından 64,2 min barel (89 min barel), "Dərinsulu Günəşli" platformasından 95,4 min barel (96 min barel), "Qərbi Çıraq" platformasından 50,4 min barel neft (54 min barel) hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları BP (Britaniya - 30,37%), SOCAR (25%), MOL (Macarıstan - 9,57%), “ExxonMobil” (Amerika - 6,79%), ONGC (Hindistan - 2,31%), “Inpex Corp.” (Yaponiya - 9,31%), “ITOCHU Oil” (Yaponiya - 3,65%), “Equinor” (Norveç - 7,27%) və TPAO (Türkiyə - 5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova