“BP-Azerbaijan” şirkəti 2020-ci ildə “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz hasil edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“2020-ci ildə yataqdan 3,6 milyon ton (və ya 29 milyon barel) kondensat hasil olunub ki, bu da 2019-cu ilin göstəricisindən 2,8% çoxdur. Hazırda yatağın gündəlik hasilat gücü 56 milyon kubmetr və ya ildə 20 milyard kubmetrdən çoxdur”, - deyə məlumatda bildirilir.
Hesabat ilində “Şahdəniz” yatağının işlənməsi layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumunun xərcləri $1 milyard 942 milyon təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 18,1% çoxdur. “2020-ci ildə layihə üzrə istismar xərcləri $1 milyard, əsaslı xərclər $942 milyon təşkil edib. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində işlərə yönəldilib”, - deyə məlumatda qeyd olunur.
Hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri Magistralı (CQBKM və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 33,8 milyon kubmetr (2019-cu ildə 29 milyon kubmetr) qaz nəql olunub. Boru kəməri magistralına xidmət göstərilməsi üzrə istismar xərcləri $47 milyon, əsaslı xərclər $13 milyon təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova