2021-ci ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta satışının artması tələbin qısamüddətli yüksəlməsi ilə əlaqədardır. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, "Qazprombank"ın analitikləri belə hesab edirlər.
Xəbər verildiyi kimi, ARDNF cari ilin yanvar ayında valyuta hərraclarında $644,9 milyon satıb.
"2021-ci ilin yanvar ayında ARDNF-in satdığı valyutanın həcmi 2020-ci ilin dekabr ayına nisbətən ($637,8 milyon) 1,1% artıb və pandemiyanın başlanğıcında satışların pik həddə çatdığı 2020-ci ilin mart səviyyəsindən ($1,9 milyard) 3 dəfə aşağı olaraq qalır. Yanvar ayında ARDNF tərəfindən valyuta satışlarının həcminin cüzi artımı manatın mümkün devalvasiyası barədə təsdiqini tapmamış məlumatlarla əlaqədar yanvar ayının ortalarında ev təsərrüfatlarının xarici valyutaya tələbinin qısamüddətli artması ilə şərtlənib, nəticədə yanvarın 12-də keçirilən hərracda satışların həcmi $142,2 milyona qədər artaraq yanvar həcminin 22%-ni təşkil edib", - deyə QPB-nin "Bazarların naviqatoru" adlı icmalında bildirilir.
Analitiklərin qiymətləndirmələrinə görə, Azərbaycan Mərkəzi Bankının ortamüddətli perspektivdə manatın sabit məzənnəsinin dəstəklənməsi niyyətini əks etdirən operativ şərhi sayəsində əhalinin devalvasiya gözləntiləri normallaşıb.
"Nəzərə alsaq ki, 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 12,2 milyard manat və ya $7,2 milyard səviyyəsində planlaşdırılıb, yanvar ayında isə planlaşdırılan həcmin təxminən $645 milyonu və ya 9%-i satılıb, qalan 11 ayda (2021-ci ilin fevral-dekabr aylarında) orta aylıq satış həcmi $600 milyon təşkil edəcək ki, bu da yanvar səviyyəsi ilə müqayisə edilə bilər", - deyə icmalda qeyd olunur.
"Qazprombank"da bir daha vurğulayıblar ki, Azərbaycan beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş MDB ölkələrindən biridir. 1 yanvar 2021-ci il tarixinə olan vəziyyətə görə, ARDNF-in aktivləri nəzərə alınmaqla, Azərbaycanın beynəlxalq ehtiyatları təqribən $50 milyard təşkil edib və 2020-ci ildə ÜDM-in 120%-nə yaxınlaşaraq 58 aylıq idxalın ödənilməsini təmin edib.*
A.Əzizov