Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə RF-yə alma ixrac etmək üçün icazənin verildiyi Azərbaycan müəssisələrinin sayının artırılması ilə bağlı danışıqlar aparır. "İnterfaks-Azərbaycan" agentliyinin verdiyi xəbərə görə, bu barədə AQTA-nın məlumatında deyilir.
“Azərbaycanda fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında, həmçinin Rusiyaya alma tədarükü ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparılır, eyni zamanda, bitki mühafizəsi tədbirləri həyata keçirilir. Həmin təsərrüfatlarda həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində Rusiya Federasiyasına alma məhsullarının ixracına mərhələli şəklində icazələrin verilməsi ilə bağlı hazırda AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır”, - deyə məlumatda bildirilir.
Azərbaycandan idxal olunan alma və pomidor məhsullarında karantin obyektlərinin aşkarlanması ilə əlaqədar “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixində bu məhsulların Rusiyaya idxalına məhdudiyyət tətbiq etmişdi.
"Rosselxoznadzor” 2020-ci il dekabrın 21-dən məhdudiyyəti qismən aradan qaldırıb.
RF-yə alma tədarükündə Azərbaycanın payı 4-5% təşkil edir.*
X.Nəsirzadə