London Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin “Palmali” şirkəti ilə mübahisə üzrə üçüncü arbitral qərarını SOCAR-ın lehinə qəbul edib.
"2021-ci il fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan “Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılıb. Londonda yerləşən məhkəmənin SOCAR qrupu və “Palmali” qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 milyon ABŞ dolları məbləğini aşan pul təzminatı ödənilməlidir”, - deyə SOCAR-ın məlumatında bildirilir.
Bu, SOCAR Qrupuna aid olan şirkətlərin “Palmali” Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.
“Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnib. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 milyon məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilib”, - deyə məlumatda qeyd olunur.
SOCAR və “Palmali” arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırmışlar.
Birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. İkinci arbitraj qərarı da London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilmişdir. Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılmışdır.
“Palmali Şirkətlər Qrupunun saytında dərc olunmuş məlumata əsasən, şirkət 1998-ci ildə Türkiyədə yaradılıb. Qrupa daxil olan müəssisələr Rusiyanın daxili su yolları, həmçinin Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi və Baltik dənizində daşımalar həyata keçirir.*
N.Abbasova