"Equinor Shah Deniz AS" şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğu elan edib.
“Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti küçəsi, ev 25E ünvanına bildirə bilərlər”, – deyə elanda qeyd olunur.
Xəbər verildiyi kimi, Norveçin “Equinor” şirkəti 2015-ci ildə "Şahdəniz" yatağının işlənməsi layihəsindəki 15,5% payının Malayziyanın “Petronas” şirkətinə satılması ilə bağlı sövdələşmə bağlayıb. Sövdələşmənin dəyəri $2,25 milyard təşkil edib.
Bundan başqa, “Equinor” "Cənub Qaz Dəhlizi" (South Caucasus Pipeline Company, SCPC, CQBK) layihəsindəki 15,5% payını və AGSC şirkətindəki (Azerbaijan Gas Supply Company) 12,4% payını “Petronas” şirkətinə satıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 690 km olan (Azərbaycan ərazisində 442 km, Gürcüstan ərazisində 248 km) neft kəməri 2006-cı ilin sonunda istismara verilib və "Mərhələ-1" çərçivəsində "Şahdəniz" yatağından hasil olunan Azərbaycan qazının nəqli üçün nəzərdə tutulub.
“Equinor” şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkə iqtisadiyyatına sərmayə yatıran ən iri xarici investorlardan biridir. Hazırda “Equinor” “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8,71% paya malikdir.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.*
N.Abbasova