Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fevralın 8-dən etibarən Azərbaycanın daha 28 müəssisəsindən alma idxalına qoyulmuş məhdudiyyəti aradan qaldırır.
"Rosselxoznadzor”un məlumatına görə, qərar bu şirkətlərin məhsullarında karantin obyektlərinin olmaması barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi məlumatların təhlili əsasında qəbul edilib . Məhsullar hazırda soyuducu kameralarda saxlanılır və Rusiyaya göndərilə bilər.
Alma idxalı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında və Rusiya ərazisinə daxil olarkən gücləndirilmiş laborator monitorinq rejimində həyata keçiriləcək.
Daha əvvəl 10 müəssisə üçün məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərarlar nəzərə alınmaqla, 38 Azərbaycan şirkəti alma ixrac edə biləcək.
“Rosselxoznadzor” Azərbaycandan idxal olunan pomidor və alma məhsullarında karantin obyektlərinin aşkarlanması ilə əlaqədar ötən il dekabrın 10-da bu məhsulların Rusiyaya idxalına məhdudiyyət tətbiq etmişdi.
RF-yə alma tədarükündə Azərbaycanın payı cəmi 4-5% təşkil edir.*