Cümə axşamı Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasına səfər edərək rusiyalı həmkarı Yevgeniy Ziniçevlə görüşüb. Bu barədə Rusiya FHN-dən məlumat verilir.
“Görüş zamanı nazirlər Dağlıq Qarabağda ikitərəfli humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ziniçev qeyd edib ki, Rusiya və Azərbaycan xilasedicilərinin birgə fəaliyyəti dinc həyatın tezliklə bərpasına yönəlib”, - məlumatda deyilir.
Bundan başqa, Heydərov və Ziniçev Qarabağda ərazilərin minalardan təmizlənməsi, humanitar yüklərin çatdırılması, həmçinin azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı sahəsində əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
“Rusiya FHN-in ümumi qrupunun mütəxəssisləri ərazilərin minalardan təmizlənməsi üzrə işləri həyata keçirirlər. Heydərov qeyd edib ki, Azərbaycanın ilk 30 nəfər pirotexniki Rusiya FHN tərəfindən attestasiyadan keçəcək. O, həmçinin rusiyalı xilasedicilərin həyata keçirdikləri fədakarlıq missiyasına görə Rusiya tərəfinə təşəkkür edib”, - məlumatda qeyd olunur.
Nazirliyin məlumatına görə, 23 mütəxəssis və 6 ədəd texnikadan ibarət Rusiya qrupu Dağlıq Qarabağda 53 hektar ərazini təhlükəli partlayıcı əşyalardan təmizləyib. 527 təhlükəli partlayıcı əşya zərərsizləşdirilərək məhv edilib. Bundan sonra hələ 110 hektar ərazi tədqiq olunmalıdır. **
X.Nəsirzadə