İspaniyanın “Gamma Solutions” şirkəti Böyükşor gölündə üzən günəş stansiyasının tikintisinin baş podratçısı olub. Bu barədə «İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Bu şirkət 100 kVt təşkil edən üzən günəş stansiyasının stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş tenderin qalibi olub. “Gamma Solutions” ilə müqavilə artıq imzalanıb və cümə günü Energetika Nazirliyində bu pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib”, - nazirlikdən qeyd olunur.
Görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.Layihə 9 ay müddətində reallaşdırılacaq.
Xəbər verildiyi kimi, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.
“Gamma Solutions” şirkəti 7 ölkədə təmsil olunur və 16 ölkədə fəaliyyət göstərir. Son bir neçə il ərzində şirkət tərəfindən 50-dən artıq layihə reallaşdırılıb. Gamma bütün dünya üzrə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır. **
N.Abbasova