Ticarət və ictimai iaşə obyektlərində polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim ediləcək və ayrıca satılacaq.
Baş nazir Əli Əsədov fevralın 2-də “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Sənəddə qeyd olunur ki, alqı-satqı prosesində mal və məhsulların daşınması üçün təklif olunan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qalınlığı 15-50 mikron olan yüngül çəkili polietilen torbaların istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.
“Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməsi nəzərdə tutulur”, - qərarda bildirilir.
Beləliklə, ticarət və ictimai iaşə obyektlərində həmin polietilen torbalar indiki kimi, pulsuz təqdim olunmayacaq, istehlakçılara ayrıca satılacaq. **
X.Nəsirzadə