2021-ci ildə Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının sığorta hissəsinin indeksasiyasına 441 milyon manat yönəldəcək. Bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bəyan edib.
“Azərbaycan prezidenti İlham Əliyev bu gün Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal əmək haqqının artımı 11,4% təşkil edib”, - Məmişov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu sərəncamın icrası məqsədilə DSMF hər ay 37 milyon manat və ya 2021-ci il ərzində 441 milyon manat yönəldəcək.
“Bu sərəncam artıq fevral ayında indeksləşmiş pensiya alacaq 1 milyon 140 min pensiyaçını əhatə edir», - Məmişov əlavə edib.
O vurğulayıb ki, sərəncama əsasən, fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək 2,8% artırılır. **
R.Əhmədov