Sahibkarlığın İnkişafı Fondu sahibkarlar üçün yeni kredit alətləri tətbiq etməyi planlaşdırır. Bu barədə SİF-in İdarə Heyətinin sədri Kənan Nəcəfov bəyan edib.
“Biz 2024-cü ilədək yeni strategiya hazırlamışıq. Startegiya 3 istiqamətdən ibarətdir: Fondun özünün genişləndirilməsi, sahibkarlar üçün maliyyə çıxışın genişləndirilməsi, innovasiyalardan istifadə etməklə yaradılan yeni müəssisələr ilə işin genişləndirilməsi”, - Nəcəfov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilk növbədə, Fond institusional bazanı gücləndirmək, korporativ risk əsasında idarəçilik yaratmaq, dayanıqlı maliyyə vəziyyətini təmin etmək və servis səviyyəsini yüksəltmək niyyətindədir.
“Bundan başqa, strategiyaya əsasən, biz mövcud maliyyələşdirmə mexanizmlərini təkmilləşdirmək, yeni alətlər tətbiq etmək və yeni maliyyələşdirmə mənbələrini cəlb etməyi planlaşdırırıq. Xüsusilə, lizinq və faktorinq kimi alətlərin tətbiqi, həmçinin dövriyyə vəsaiti üçün kreditlərin verilməsi planlaşdırılır”, - Nəcəfov qeyd edib.
Xəbər verildiyi kimi, 1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
Ə.Məmmədov