Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna investisiyaları $30 milyard həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir.Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır”, - Əliyev çərənbə axşamı Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonu qəbuledərkən bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, bu investisiyalar Azərbaycana iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını verib.
“Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq”, - dövlət başçısı bəyan edib.
Əliyev həmçinin bildirib ki, hazırda 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. “Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə (Qarabağda - İF) yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir”, - prezident vurğulayıb.
Həmçinin, dövlət başçısı qeyd edib ki, bərpa olunan enerji sahəsində böyük potensial var. “Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir.”, - Əliyev yekun vurub. **
B.Rüstəmbəyov