1 yanvar 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 707,3 manat ($416,1) təşkil edir ki, bu da 2020-ci ilin əvvəlinə olan göstəricisindən 11,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 dekabr 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 703,5 manat ($413,8), 1 noyabr tarixinə 704,5 manat ($414,4), 1 oktyabr tarixinə 706,6 manat ($415,6), 1 sentyabr tarixinə 710,2 manat ($417,8) təşkil edib.
2021-ci il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər (dekabrın 1-nə 1 milyon 684,5 min nəfər) olub ki, bu da bir il əvvəllə müqayisədə 45,2 min nəfər və ya 2,7% çoxdur. Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,5%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
N.Abbasova