Qarabağın bərpası və inkişafına sərmayələr Türkiyə ilə Azərbaycan arasında illik ticarət dövriyyəsinin həcmini $15 milyarda çatdırmağa imkan verəcək. Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) yanında Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akatbelə hesab edir.
Akat xatırladıb ki, 2020-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $4,5 milyarda yaxın təşkil edib.
Onun sözlərinə görə, dövlət başçıları ticarət dövriyyəsinin həcmini $15 milyarda çatdırmaq hədəfini qarşıya qoyublar.
“Biz hələlik bu vəzifənin yalnız üçdə bir hissəsini yerinə yetirmişik. Əminəm ki, yaxın zamanda Qarabağa sərmayələr hesabına hədəf göstəricilərə nəinki çatacağıq, həm də onları ötəcəyik”, - Akat bildirib. Bu barədə Türkiyə mətbuatına istinadən “İnterfaks-Azərbaycan” məlumat verir.
“Qarabağ bölgəsinə iri sərmayələr planlaşdırılır, bu səbəbdən respublikanın bu hissəsinin Azərbacanın iqtisadi artımının təkanverici güclərindən birinə çevrilməsini güman etmək tamamilə məntiqlidir. Qarabağa sərmayələr ticarət dövriyyəsi üzrə hədəf göstəriciyə nainki nail olmaq, həm də onu ötməyə imkan verəcək”, - Akat belə hesab edir. **
B.Rüstəmbəyov