2020-ci ildə Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ötən il qaydaların pozulmasına görə 118,2 milyon manat (2019-cu ildə 119 milyon manat, azalma 0,7% - İF) məbləğində cərimələr tətbiq edilib. 2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub”, – deyə məlumatda bildirilir.
Xətaların 39,9%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7%-i dayanma və ya durma qaydalarının pozulması, 9,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6%-i epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
2020-ci ildə ölkədə 1587 və ya 2019-cu illə müqayisədə 15,1% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5% azalaraq 2,106 min nəfər olub.
“Onlardan 1,41 mini (azalma 12,8%) yaralanıb, 696-sı (azalma 17,2%) həlak olub. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,3%-ni, yaralananların isə 75%-ni kişilər təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Yol-nəqliyyat hadisələrinin 88,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7% azalaraq 526 nəfər, yaralananların sayı 19,4% azalaraq 1,315 min nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 41,8%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş verib, nəticədə 14 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Hadisələrin 42,6%-i gündüz, 35%-i gecə vaxtı baş verib, 28,9%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
B.Rüstəmbəyov