2020-ci ilin yekunları üzrə “Carlsberg Azerbaijan” pivə şirkətinin satış həcmləri 16% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“2020-ci ildə şirkət tərəfindən dövlət büdcəsinə vergi ödəmələrinin məbləği 35,7 milyon manat təşkil edib ki, bu da 2019-cu il üçün vergi ödəmələrindən (24,2 milyon manat) 47% çoxdur”, - deyə məlumatda bildirilir.
Şirkət qeyd edir ki, pandemiya dövründə bazar çağırışlarına uyğun olaraq zamanlı görülən tədbirlər sayəsində “Carlsberg Azerbaijan”ın ötən il üzrə satış həcmləri 2019-cu illə müqayisədə 16% artıb.
“COVID-19” virusunun yayılmasının qarşısının alınmasına yönəlmiş kafe və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdə şirkət diqqətini pivə bazarının nisbətən yeni kanalı olan DIOT kanalına (mağazalarda çəllək pivəsi) yönəltdi. Ənənəvi ticarət kanallarında (kiçik mağazalar) satış həcminin artımı 20%, müasir ticarət kanallarında (şəbəkə mağazalarında) 58% təşkil edib. On-trade kanalında (kafe, restoranlar) satış həcmi qeyd olunan məhdudiyyətlər səbəbindən 43% azaldı”, - deyə məlumatda vurğulanır.
Həmçinin süzmə avadanlığının böyük şəbəkə mağazalarında maksimum yerləşdirilməsi bu kanalda satış həcmində əhəmiyyətli bir artım əldə etməyə imkan verib.
“Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400 nəfər vasitəçi (distribyutor, agentlik, podratçı) çalışır. Zavodun inkişafına şirkətin ümumi sərmayəsi təxminən 55 milyon manatdır. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley’s Garage kimi məşhur markalar daxildir.*
B.Rüstəmbəyov