SOCAR 2021-ci il fevralın 15-dən Bakı-Novorossiysk neft kəməri ilə neft ixracını bərpa etməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
"Bakı-Novorossiysk neft kəməri ilə ixracın bərpa olunmasına gəlincə, neftin nəqlinə fevralın 15-dən başlanılması planlaşdırılır", - İ.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, SOCAR tərəfindən fevral ayı üçün şimal marşrutu ilə neft ixracı 85 min ton həcmində nəzərdə tutulub.
Daha əvvəl Rusiyanın neft nəqli qrafiki ilə tanış olan mənbənin verdiyi məlumata görə, 2021-ci ilin birinci rübündə Novorossiysk istiqamətində 340 min ton Azərbaycan neftinin ixracı planlaşdırılıb. Lakin yanvar ayında Azərbaycandan xam neftin nəqli həyata keçirilməyib, çünki SOCAR tərəfindən bütün həcmlər Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub.
“Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin yanvarın 20-də bildirib ki, SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb.
“Yanacaq-Energetika Kompleksi Mərkəzi Dispetçer İdarəsi” Federal Dövlət Büdcə Müəssisəsinin məlumatına görə, SOCAR 2020-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 613,29 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri ilə öz neftini nəql edir. 2020-ci ildə SOCAR bu istiqamət üzrə neft ixracını 30% - 613 min tonadək azaldıb.*
N.Abbasova