Dağlıq Qarabağ ətrafında status-kvonun dəyişdirilməsi Türkiyənin Ermənistanla dövlət sərhədini açmasına gətirib çıxarmalıdır, blokada üçün daha səbəb yoxdur. Bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib.
"Bu, Dağlıq Qarabağda status-kvonun dəyişməsi ilə şərtlənib. Artıq Türkiyənin Ermənistanla sərhədi bağlı saxlamaq üçün heç bir səbəbi yoxdur", - deyə Ayvazyan bu gün Ermənistan parlamentində deputatların suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, hazırda Ermənistanla Türkiyə arasında heç bir siyasi proses baş vermir.
"Blokadanın aradan qaldırılması həm imkanlar, həm də yeni çağırışlar gətirəcək və Ermənistan buna hazır olmalıdır", - deyə Ayvazyan əlavə edib.
Bundan başqa, erməni nazir vurğulayıb ki, Qarsda keçirilən təlimlər (Türkiyə-Azərbaycan hərbi təlimləri) hər hansı digər təlimlər kimi narahatlıq doğurur.
"Bir tərəfdən, biz bu hərəkətləri görürük, digər tərəfdən isə Türkiyədən müxtəlif mesajlar var. Siyasətdə mesajlar qəbul edilib, amma hesab edirik ki, Türkiyə ilə bağlı məsələdə mesajları deyil, hərəkətləri rəhbər tutmağın vaxtı çatıb", - deyə o bildirib.
Ermənistan XİN başçısı, həmçinin Qarabağ müharibəsindən sonra vəziyyətin çox mürəkkəb olduğunu bəyan edib.
"Bu, sadə məsələ deyil, çünki o, geosiyasi vəziyyəti əks etdirir. Biz gərginliyin aradan qaldırılması üçün səy göstərməliyik ki, bu da Ermənistan ətrafında təhlükəsizlik mühitinin möhkəmlənməsinə gətirib çıxaracaq", - deyə Ayvazyan bildirib.*