2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4 milyard 751,7 milyon manat vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
“Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 mln. manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 mln. manat vəsait istifadə olunub”, - nazirlikdən qeyd ediblər.
Məlumat verilib ki, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2514,4 mln. manat vəsait yönəldilib.
“Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 mln. manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunub”, - məlumatda deyilir.
Qeyd olunub ki, hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 34,9 mln. manat vəsait sərf edilib. **
Ə.Məmmədov