“Azərsu” ASC Abşeron rayonunun Saray qəsəbəsində əhalinin tullantı sularının axıdılmasıxidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib.
Layihəyə əsasən qəsəbə ərazisində 200-800 mm diametrli borularla 13 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Tullantı sularının kollektora axıdılmasını təmin etmək üçün kollektorun marşrutu boyu 250 nöqtədə baxış quyuları inşa ediləcək və evlərə birləşmələr veriləcək.
Yeni yaşayış massivinin relyef baxımından çökəkdə yerləşən hissəsinin tullantı sularının kollektora ötürülməsini təmin etmək üçün məhsuldarlığı sutkada 4,8 min kubmetr olan kanalizasiya nasos stansiyası və 1 km uzunluğunda təzyiqli xəttin tikintisi də nəzərdə tutulur.
“Kollektorun tikintisinin 2021-ci ilin III rübündə başa çatdırılacaq”, - “Azərsu”dan bildiriblər.
Yeni kollektor Sumqayıt şəhərindəki mövcud 1 min mm diametrli kanalizasiya kollektoruna birləşdiriləcək. Tullantı suları bu kollektor vasitəsilə Sumqayıt tullantı sutəmizləyici qurğusuna yönəldiriləcək və burada təmizlənib kənarlaşdırılacaq. **
B.Rüstəmbəyov