Azərbaycan Qarabağda bütün dinlərə məxsus mədəni irsi bərpa edəcək. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva buna əmindir.
“Hazırda Azərbaycan dövləti qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”, - Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdəki çıxışında bildirib.
Onun sözlərinə görə, Bakı erməni işğalı zamanı Qarabağda zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndirir.
“Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”, - o vurğulayıb.
Əliyeva əlavə edib ki, bir ay bundan əvvəl Azərbaycan prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ICESCO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. “Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olublar”, - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bildirib. **
A.Əzizov