Prezident İlham Əliyevin fevralın 11-də imzaladığı sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə edilməsi üzrə bir sıra vəzifələr həvalə edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidentinə Cəmiyyətin yenidən təşkili və ləğvi, Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərinin həyata keçirilməsi həvalə edilib.
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi, Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi və s. həvalə edilib.
Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır: Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək və s.
Bundan başqa, Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını iki ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.*
R.Əhmədov