Azərbaycan qazının Avropaya ixracı üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin tikintisi $33 milyarda başa gəlib və $11,6 milyard məbləğində vəsaitə qənaət edilib. Bunu Prezident İlham Əliyev deyib.
“Layihənin dəyərinə gəldikdə, ilkin olaraq dəyər $44,6 milyard məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri $33 milyarda enmişdir”, - deyə dövlət başçısı bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan layihəyə $10 milyard həcmində əhəmiyyətli maliyyə töhfəsi verib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.*
A.Əzizov