Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir, lakin bu həcm daha da artıq ola bilər. Bunu Prezident İlham Əliyev deyib.
“Bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”, - deyə dövlət başçısı bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında bildirib.
Onun sözlərinə görə, hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. “Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və biz növbəti illərdə yeni kəşflərin olacağına ümid edirik”, - deyə İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, Azərbaycan Avropaya qaz ixracının coğrafiyasını genişləndirməyi planlaşdırır. “TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”, - deyə o vurğulayıb.*
A.Əzizov