Azərbaycan 2021-ci ildə 5 milyard kubmetrdən çox qaz ixrac etməyi planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Bu il biz Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya isə 5 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac etməyi planlaşdırırıq", – deyə Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının TANAP və TAP qaz kəmərləri ilə Türkiyə və Avropaya nəqli 2023-cü ilə qədər layihə gücünə çıxacaq.
"Cənub Qaz Dəhlizi (CQD) üçün əsas resurs bazası "Şahdəniz" yatağıdır və bu yataqdan indiyədək 137 milyard kubmetr qaz hasil edilib", - deyə nazir əlavə edib.
O vurğulayıb ki, TAP qaz kəmərinin işə salınması yeni imkanlar yaradır. "Biz CQD-nin birinci mərhələsini başa çatdırırıq və ikinci mərhələyə başlayırıq. Bura yeni ölkələrə qaz təchizatı imkanlarının genişləndirilməsi daxildir", - deyə P.Şahbazov qeyd edib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.*
A.Əzizov