“Turkish Airlines” aviaşirkəti 2021-ci ilin may ayında Türkiyədən Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu aviaşirkətin Azərbaycandakı nümayəndəsi Seyfulla İlyas deyib.
“S.İlyas fevralın 11-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. “O bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan “Turkish Airlines” sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır”, - deyə İcra Hakimiyyətinin məlumatında bildirilir.
S.İlyas əlavə edib ki, aviaşirkət may ayında Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.
N.Bayramov qeyd edib ki, 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, turizm sahəsinin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək.
“Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür”, - deyə o vurğulayıb.*
N.Abbasova